Bu ilin yanvar-dekabr dövründə Türkiyədə yaşamaq icazəsi ilə yaşayan rusların sayı 34 faiz azalıb.
Hafta.az-ın “RİA Novosti”yə istinadən yazdığına görə, Türkiyə İmmiqrasiya İşləri İdarəsinin məlumatına əsasən Rusiyanın 53 mindən çox vətəndaşı ölkəni tərk edib.
İlin ilk ayında Türkiyədə yaşamaq icazəsi olan 154 mindən çox Rusiya vətəndaşı yaşayırdı. Dekabrın 7-nə olan məlumata görə isə, 101 mindən bir qədər çox rus qalıb. İlin əvvəlində Türkiyədə bir ilədək turist olaraq yaşamaq icazəsi ilə 133 mindən çox rus var idisə, hazırda bu rəqəm 71 mindən bir az çoxdur.
Tələbə yaşayış icazəsi ilə isə ilk on yerdə rusiyalı tələbə yoxdur.
Noyabrın əvvəlində Türkiyədə yaşamaq icazəsi olan 110 mindən, oktyabrın 12-də isə 122 mindən çox Rusiya vətəndaşı olub.
Türkiyədə 2022-ci il üçün icazə verilən yaşayış icazəsi müraciətlərinin sayına görə əcnəbilər arasında ruslar birinci olub.
Türkiyə İmmiqrasiya İşləri İdarəsinin məlumatına görə, noyabrın əvvəlinə olan məlumata görə, 1 milyon 111 mindən çox oturma icazəsi olan əcnəbi Türkiyədə qanuni şəkildə yaşayır. Ən çox əcnəbi İstanbulda (560 mindən çox), ən az isə şərqdəki Tunceli vilayətində (53 nəfər) qeydə alınıb.
Yayda Türkiyə hakimiyyəti İstanbulun 10 rayonunda əcnəbilərə yaşamaq icazəsinin verilməsini qadağan edib.
Noyabr ayında Rusiya Daxili İşlər Nazirliyi ilin əvvəlindən 68 min rusiyalının başqa ölkələrdə vətəndaşlıq və ya yaşamaq icazəsi aldığını bildirib.